"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tural Nəbiyev: “Bələdiyyələrin imkanları vətəndaş məmnunluğunu tam təmin etməyə imkan vermir”

--2017-06-06 / 18:58

Belediyye.infonun bu dəfəki qonağı Füzuli rayonu Horadiz şəhər bələdiyyəsinin sədri Tural Nəbi oğlu Nəbiyevdir.

Bir  məqamı əlavə edim ki, gənc  bələdiyyə sədri olaraq  Tural Nəbiyev sosial şəbəkədə də fəaldır.

O, sədri olduğu  bələdiyyənin fəaliyyətini sosail şəbəkənin verdiyi imkandan yaralanaraq təbliğ etməyi də unutmur.

Suallarımızı çox məmnuniyyətlə cavablandıran  Tural Nəbiyevi yaxından tanıyaq:  

Tural Nəbiyev kimdir: 20 mart 1983-cü ildə Horadiz şəhərində anadan olub. ikinici  dəfədir ki, bələdiyyə üzvü kimi seçkilərdə iştirak edib. 2016-cı ilin yanvar ayından sədr seçilib. Eyni zamanda 2010-cu ildən YAP Füzuli rayon təşkilatında Gənclər Birliyinin sədri, respublika üzrə YAP Gənclər Birliyi siyasi şurasının üzvüdür.  O, hazırda  Füzuli bələdiyyələr şurasının sədridir.

Bələdiyyə sədrinə ilk sualımızda məhz Füzuli bələdiyyələrinin fəaliyyətiylə bağlı oldu.

-Bələdiyyələrin əlaqələndirmə şurasının sədri olaraq Sizi  bələdiyyələrinin fəaliyyəti qane edirmi?

- Xeyr. Bu gün bəzi bələdiyyələrin iş forması bizi qane etmir. Bələdiyyələrimiz daha aktiv şəkildə fəaliyyət göstərə bilərlər.

Rayonumuzda  21  bələdiyyə formalaşdırılıb. Bu bələdiyyələrdən altısının sədri gənclərdir. Gənclərimiz bu gün bələdiyyənin imkanları daxilində fəaliyyət göstərir.  Qeyd etməliyəm ki, Rayonumuz cəbhəyanı olduğundan, vergilərin yığılmaması və ya həddən artıq zəif yığılması bələdiyyənin imkanlarını və dolayısı ilə bələdiyyə sədrlərinin fəaliyyətini çətinləşdirir.

 - Fikrinizcə, ötən il Füzuli bələdiyyələrinin hansı uğurları olub? Ümumiyyətlə, Füzuli bələdiyyələri hansı istiqamətdə irəliləyişə nail ola biliblər?

 -  Ötən il Füzuli bələdiyyələrinin bir sıra uğurları olub.  Məsələn Horadiz bələdiyyəsi olaraq ilin əvvəlində qarşıya qoyulan məqsədləri imkanlarımız daxilində həyata keçirmişik.

2016-cı ildə Horadiz bələdiyyəsi olaraq qazandığımız uğurlardan biri və ən əsası Fransanın Altkirch şəhəri ilə Horadiz şəhəri arasında qardaşlaşma memorandumunun imzalanması olub. Bələdiyyə olaraq Fransada səfərdə olmuşuq, memorandumun ilkin variantı Fransada imzalanmış,daha sonra isə Fransadan nümayəndə heyəti Horadiz şəhərinə səfər etmiş və ikinci imzalarda burada imzalanmışdır. Horadiz şəhərindəki, küçələrin birinə məhz qardaşlaşdığımız şəhərin Altkirch şəhərinin adı verilmişdir. Səfər çərçivəsində bələdiyyələrimiz əsgərlərimizlə görüşlər keçirmişlər.

Bir sıra bələdiyyələrimiz yerli əhalinin diqqət və maraqları çərçivəsində, onlara xidmət edəcək layihələri həyata keçirmişlər.

 - Ötən ildə bələdiyyələr yenilikləri hansı forma və məzmunda tətbiq edə bilib? Mövcud problemləri aradan qaldırmaq üçün ötən ildə hansı addımlar atılıb?

-  Mən bələdiyyələrimizin problemlərini sadalamaq istəmirəm. Ancaq bu problemlərin ən başlıcası kimi bələdiyyələrin öz ərazilərini tanınmamasını göstərmək olar. Bir sıra bələdiyyələr bu üzdən vergi yığımında çətinlik çəkirlər. Fikrimcə bu problem aradan qalxsa bələdiyyələrin fəaliyyətinə yaxşı mənada təsir göstərmiş olacaqdır. Ötən ilin bələdiyyələr üçün uğurlarından biri BAMS proqramının tətbiqidir. Bu proqram bələdiyyələrə öz fəaliyyətlərini daha yaxşı şəkildə hayata keçirməyə şərait yaradır. Ancaq bir sıra qüsurlarda mövcuddur. Bir sıra bələdiyyələrdə BAMS proqramıının işlənilməsində çətinliklər yaşanır. Bəzi hallarda bu bələdiyyələrin texniki təchizatında, bəzi hallarda isə proqramdan isdifadə edə bilməmə kimi problemlər yaşanır.

 -  Sizin fikrinizcə bələdiyyələrə hansı əlavə maliyyə istiqaməti və ya səlahiyyəti vermək olar? əgər verilərsə proses hanşı şəkildə icra oluna bilər?

-  Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması üçün təbii ki, onlara müxtəlif səlahiyyətlərin verilməsi də vacibdir. Məsələn bələdiyyə ərazisində yaşayan vətəndaşlara yaşayış haqqında arayışlar vermək kimi səlahiyyət verilə bilər. Hazırda bu işi yerli icra orqanları həyata keçirir. Bundan başqa bələdiyyələr hər hansı bir torpaq satışını həyata keçirmək üçün müxtəlif orqanlara müraciət edir və aylarla cavab ala bilmir. Düşünürəm ki, bu kimi problemlər bələdiyyələrin fəaliyyətinə də mənfi təsir göstərir.

- Bələdiyyə sədri olaraq bələdiyyə sisteminin inkişafı üçün hansı təklif və tövsiyyələri verərdiniz?

Qeyd etdiyim kimi, bələdiyyələrin iş fəaliyyətini yaxşılaşdırmaq üçün bələdiyyələrə səlahiyyətlər verilməli və bu səlahiyyətlərin həyata keçirilməsinə şərait yaradılmalıdır.

 - Sizin fikrinizcə, vətəndaş məmnunluğunun təmini üçün bundan sonra bələdiyyələr hansı addımlar atmalıdır?

- Təbii ki, bələdiyyələrin fəaliyyətinin mərkəzində vətandaş məmnunluğu dayanmalıdır. Ancaq təəssüflər olsun ki, bələdiyyələrin imkanları vətəndaş məmnunluğunu təmin etməyə yetmir. Vətəndaşlar problemlərin həll olunması üçün bələdiyyəyə müraciət edirlər. Lakin bələdiyyələr bu problemləri aradan qaldırmaq imkanlarına sahib deyillər. Mən bu bələdiyyələrə məhz öz rayonumuzun bələdiyyələrini misal göstərirəm. əgər bir neçə problem varsa bələdiyyələr çox vaxt ancaq bir problemi aradan qaldıra bilir. Bu isə narazılıqlar yaradır.

Xüsusiylə vurğulamalıyam ki, Füzuli rayonu təmas xəttində yerləşir. Bir sıra bələdiyyələrimiz öz ərazisini tanımaq barədə xəritəsini alsa da vergi yığımını tam şəkildə həyata keçirə bilmir. Dövlətimiz əhalimizə yardımçı olur hər zaman. Bunun üçün kommunal xərclərin ödənilməsi üçün aylıq məvacib də verir. Ancaq bələdiyyələr yenə də vergi yığımında çətinlik çəkirlər.

Düşünürəm ki, bu yöndə bələdiyyələr təbliğat işini daha da gücləndirməlidirlər.

 Belediyye.info

ŞƏRHLƏR